Məlumdur ki, Azərbaycan Respublikası qəti addımlarla inkişafa doğru addımlayır. Bu inkişafda Yerli özünüidarənin xüsusi yeri vardır. Əhaliyə xidmət dairələrinin dəqiqləşdirilməsi və onların əlavə ehtiyaclarının ödənilməsi ilə əhaliyə xidmətin effektiv mexanizmini qurmaq bələdiyyələrin qarşısında duran əsas vəzifələrdən biridir.
Bildiyimiz kimi Azərbaycanda bələdiyyələr 1999-cu il dekabrın 12-də keçirilən seçkilərdən sonra təşkil olunmuşdur. “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 2-ci maddəsində göstərilir ki, “Yerli özünüidarə prinsipi ölkənin qanunvericiliyində və imkan daxilində ölkənin Konstitusiyasında tanınmalıdır”.
Azərbaycanda yerliözünüidarənin formalaşmasında konstitusion təminatların vacibliyi nəzərə alınaraq, yerli özünüidarənin əsas prinsipləri 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş Konstitusiyanın “Yerli özünüidarəetmə” adlandırılan 4-cü bölməsində və 150-ci maddəsində təsbit edilmişdir. Beləliklə, Azərbaycanda yerli özünüidarənin konstitusion təminatı bütün hüquqi təminatların əsasını təşkil edir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev demişdir: “Bələdiyyələr Azərbaycanda demokratiyanın inkişafında yeni mərhələdir”. Doğrudan da istər vətəndaş cəmiyyətinin, istərsə də yerli özünüidarənin inkişafı Azərbaycanda demokratiyanın inkişafı və demokratik prinsiplərə önəm verilməsinin bariz nümunəsidir.
Artıq Azərbaycanda 2 dəfə bələdiyyə seçkiləri keçirilmişdir. Müəyyən təcrübə var və daim yerli özünüidarəetmə tarixinə malik ölkələrin təcrübələri öyrənilir, tədqiqatlar aparılır və müsbət dəyişikliklər tətbiq edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikinci dəfə bələdiyyə seçkiləri zamanı demişdir: “Azərbaycanda bələdiyyə seçkiləri ikinci dəfədir keçirilir, müəyyən təcrübə var. Yəqin ki, bu seçkilərdən sonra bələdiyyələrin statusu daha da artırılacaq, onlar yerlərdə daha da konkret işlərlə məşğul olacaqlar. Beləliklə, bu təsisat Azərbaycanda artıq formalaşıbdır, gələcəkdə də inkişaf edəcəkdir”. Doğrudan da bələdiyyələrin statusunun artırılması, əlavə səlahiyyətlərin verilməsi yerliözünüidarəetməyə güvənin və demokratiyanın təzahürüdür.
Axırıncı onillikdə yerli əhali və onların problemləri hakimiyyət üçün öz mənasını kəskin dəyişmişdir. İndi vətəndaşlar sadəcə vergi ödəyiciləri və səsvericilər deyillər. Onlar hakim orqanların gördüyü işlər və fəaliyyətləri haqda geniş informasiya tələb edirlər. Ödədikləri vergi müqabilində yerli hakimiyyətin xidmətlərini dəyərləndirirlər. İnkişaf üçün hakimiyyət gələcək inkişaf planlaşdırılmasında əhalini cəlb etməlidir. Bu planlarda əhalinin bütün bəndlər üzrə təklifləri nəzərə alınmalıdır. Əsas məsələ ən aktual problemlərin həllinə yanaşmada bütün maraqlı tərəflərin təkliflərini nəzərə almaqdır. Və bu yalnız birgə iş prosesi nəticəsind baş verə bilər. Bunun üçün əhali ilə daimi təmasda olmaq gərəkdir. Belə təmasların bir çox inkişaf formaları var. Biz bu formalardan birini-elektron informasiya formasını sizə təqdim edirik. İnanırıq ki, yerli özünüidarənin və eyni zamanda da Bərdə bələdiyyəsinin inkişafı naminə əziz həmvətənlərimiz, siz bizimlə əməkdaşlıq edəcək, öz təklif, rəy və irdalarınızı bildirməklə birgə inkişafa nail olacağıq.