|
|
“Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda konfransda yerli qzünüidarəetmənin inkişafinda qabaqcil təcrübənin tətbiqinin vacibliyi vurğulanmışdər [17.04.2008] Dünən “Park İNN-Azərbaycan” mehmanxanasında Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidərəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının (AŞQKBMA) yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin fəaliyyətinə həsr olunmuş “Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda respublika konfransı keçirilmişdir.
Prezidentin İcra Aparatının, Ədliyyə Nazirliyinin, Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin və respublikanın 150-dən artıq şəhər, qəsəbə və kənd bələdiyyələri sədrlərinin qatıldıqları tədbiri açan Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Milli Assosiasiyaların Əlaqələndirmə Şurasının həmsədri Əbülfəz Babayev bildirmişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz qısa müddətdə sürətli inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan bu gün sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Bu uğurların əldə edilməsində yerli özünüidarəetmə orqanlarının da özünəməxsus rolu vardır. Yaradılmasından qısa müddət keçməsinə baxmayaraq yerli problemlərin həllində aparıcı rol oynamağa başlamış bələdiyyələrin hüquqi bazası möhkəmlənmiş, fəaliyyət dairəsi xeyli genişlənmişdir.
Konfransda Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Milli Assosiasiyaların Əlaqələndirmə Şurasının həmsədri İlham Xəlilov “Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda məruzə ilə çıxış etmişdir. Ötən dövrdə bələdiyyələrin fəaliyyəti haqqında ətraflı məlumat verən İ.Xəlilov qeyd etmişdir ki, konfransın keçirilməsindən məqsəd bələdiyyə işi sahəsində qabaqcıl təcrübənin öyrənilməsindən, qarşıdakı dövrdə yerli özünüidarəetmə orqanları qarşısında duran vəzifələri müəyyənləşdirməkdən ibarətdir.
2006-cı ildə yaradılmış AŞQKBMA-nın fəaliyyətinə toxunan natiq ötən dövrdə bələdiyyələrin işinin gücləndirilməsi, fəaliyyətlərində demokratik prinsiplərin tətbiqi və yerli özünüidarəetmənin inkişafı məqsədilə görülmüş işlərdən danışmışdır. Şəhər, qəsəbə və kənd bələdiyyələrinin rayon toplantılarının, bələdiyyə sədrlərinin I Ümumrespublika toplantısının, “Azərbaycanda yerli demokratiya həftəsi” kimi tədbirlərin keçirildiyi qeyd edilmişdir. Bələdiyyələr assosiasiyalar tərəfindən irəli sürülmüş “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünə fəal şəkildə qoşularaq, yerli əhəmiyyətli sosial məsələlərin həllinə yönəldilmiş 3 minə yaxın layihə həyata keçirmişlər. Bu işlər, əsasən, vətəndaşların sosial sifarişləri əsasında müəyyənləşdirilmiş, yaşayış məntəqələrində daxili yolların, elektrik və qaz xətlərinin təmiri, içməli və suvarma suyu problemlərinin, ətraf mühitin mühafizəsi üzrə yerli məsələlərin həlli, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və təmiri, sadə idman meydançalarının yaradılması, ərazilərin abadlaşdırılması ilə bağlı olmuşdur.
Milli assosiasiyalar tərəfindən bələdiyyə işi sahəsində qabaqcıl təcrübənin öyrənilib yayılması, qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə cari il aprelin 3-də Şamaxıda, 4-də Bakının Biləcəri qəsəbəsində, 5-də Göyçayın Cəyirli kəndində müvafiq olaraq şəhər, qəsəbə və kənd bələdiyyələrinin dəyirmi masalarının keçirildiyi diqqətə çatdırılmışdır. Dəyirmi masalarda bələdiyyə sədrləri yaşayış məntəqələrində sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində topladıqları qabaqcıl təcrübə barədə danışmış, müzakirələr aparmışlar.
Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Tahir Budaqov qeyd etmişdir ki, Prezident İlham Əliyevin son dörd ildə apardığı ardıcıl, çoxşaxəli islahatlar kursu ölkəmizin sosial- iqtisadi inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu gün nəinki Azərbaycanda, eləcə də bütün dünyada yaşayan soydaşlarımız ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının dirçəlişində, əldə edilmiş nailiyyətlərin qazanılmasında misilsiz xidmətləri olmuş Heydər Əliyevi ehtiramla yad edir, onun 85 illik yubileyini böyük məhəbbətlə qeyd edirlər.
Prezident İlham Əliyev isə öz cəsarətli və ardıcıl addımları ilə respublikamızdakı demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin həm intellektual, həm də iqtisadi potensialını bu yöndə səfərbər edə bilmişdir.
Ölkə başçısı qısa zaman ərzində müasir dövrün tələblərinə uyğun iqtisadi islahatlar aparmış, respublikanın bölgələrinin bərabər inkişafı, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması, işsizlik probleminin həlli istiqamətində sistemli tədbirlər həyata keçirmişdir.
Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 14-də Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycanın bu gün kifayət qədər gücləndiyi, müstəqil siyasət apardığı və bölgədə mövqelərini möhkəmləndirdiyinin xüsusi qeyd olunduğu vurğulanmışdır. Bələdiyyələrin də bu inkişaf proseslərindən geri qalmamağa çalışdığı və ölkə rəhbərliyinin xalqın rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərə əməli dəstək vermək əzmində olduğu bildirilmişdir.
Azərbaycan bələdiyyələrinin I Ümumrespublika toplantısında çıxış etmiş Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin proqram xarakterli nitqində bələdiyyələrin fəaliyyətinə münasibətin bildirildiyi, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrin verildiyi xatırladılmışdır.
Bildirilmişdir ki, bu toplantıdan ötən dövrdə ölkə bələdiyyələrinin həyatında əhəmiyyətli dəyişikliklər baş vermiş, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə əlaqədar yeni normativ hüquqi aktlar qəbul olunmuş, mövcud qanunvericiliyə bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan əlavə və dəyişikliklər edilmişdir.
T.Budaqov xüsusi vurğulamışdır ki, bələdiyyələr fəaliyyət istiqamətlərini müəyyən edərkən ictimai fikrə istinad etməli, ədalətli olmalı, işə yaradıcı münasibət bəsləməli, ardıcıllıq göstərib başlanmış hər bir işi sona çatdırmalıdırlar.
Milli Məclisin deputatı Tahir Rzayev ötən dövrdə bir çox bələdiyyələr tərəfindən yerli sosial problemlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü, bu təcrübənin toplanaraq kitab və ya albom şəklində çap edilməsinin zəruriliyini bildirmişdir.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov ötən il keçirilmiş “Azərbaycanda yerli demokratiya həftəsi”nin öz mütəşəkkilliyi və məzmunu ilə seçildiyini, Avropa Şurasının Yerli və Regional Qurumlar üzrə məsul nazirlərinin konfransının 15-ci sessiyasında qəbul olunmuş Valensiya Bəyannaməsində də yüksək qiymətləndirildiyini qeyd etmişdir.
Konfransda çıxış edən Yevlax bələdiyyəsinin sədri Namiq Hüseynov, Qaraçuxur bələdiyyəsinin sədri İbrahim Qurbanov, Qovlar bələdiyyəsinin sədri Binnət Hüseynov, Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov, Xaçmaz bələdiyyəsinin sədri Vəlirza Hacımirzəyev və başqaları yerli özünüidarəetmə qurumlarının fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı həyata keçirdikləri tədbirlər haqqında danışmışlar. Natiqlər bələdiyyə ərazisinin abadlaşdırılması, sosial sifarişlərin öyrənilməsi, yerli əhəmiyyətli məsələlərin həlli, bədən tərbiyəsi və idmanın inkişafı, əhalinin enerji təminatının yaxşılaşdırılması, məhəllədaxili yolların abadlaşdırılması, içməli və suvarma suları ilə təminat, yerli ekoloji problemlərin həlli, səhiyyə obyektlərinin təmiri, vətəndaşların sağlamlığının qorunması və digər məsələlərlə bağlı təcrübələrini həmkarları ilə bölüşmüş, həmin sahələrdə həyata keçirdikləri layihələr barədə məlumat vermişlər.
Çıxışlarda yerli məsələlərin həllində mili assosiasiyalar tərəfindən irəli sürülmüş “Abad kənd”, “Abad məhəllə”, “Bizim ünvan” kimi təşəbbüslərin müsbət rol oynayacağı, bələdiyyələrin nüfuzunun artmasına böyük təsir göstərəcəyi qeyd edilmişdir.
Konfransda çıxış edən “Ziya” İctimai Birliyinin sədri Yeganə Balakişiyeva rəhbərlik etdiyi qurum tərəfindən bələdiyyələrə göstərilən hüquqi yardımlardan söz açmışdır. Qeyd etmişdir ki, yaranmış əməkdaşlıq əlaqələri nəticəsində həyata keçirilən müxtəlif istiqamətli layihələr bir çox yerli özünüidarəetmə qurumları üçün faydalı olmuş, onların sifarişinə əsasən birlik tərəfindən həm hüquqi məsləhətlər verilmiş, həm də qrant layihələri, biznes planlar hazırlanmış, məhkəmələrdə hüquqları müdafiə edilmişdir.
Tədbirdə Prezidentin İcra Aparatının məsul əməkdaşları Ramiq Həşimov, Rüfət Əliyev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə iştirak etmişlər.
Sonda respublika bələdiyyələrinə konfrans iştirakçılarının müraciəti qəbul olunmuşdur.
/AzərTAc/
|
|